BÜTÜN BƏDƏN MÜAYİNƏSİ

Müayinə necə aparılır?

PET/KT müayinəsi üçün müraciət edən xəstənin həmin gün ac olması mütləqdir. Xəstəyə venadaxili yol ilə yeridiləcək maddə adətən, qlükoza ilə bənzər tərkibli olduğundan müayinədən əvvəl xəstənin qanda şəkər səviyyəsi yoxlanılır. Xəstə inyeksiyadan sonra maddənin bədənə yayılması üçün xüsusi təyinatlı otaqda 45-60 dəqiqə müddətində gözləyir. Bu müddət ərzində xəstə 2 litrə yaxın bol su içməlidir, aktiv hərəkətlərini (yerimək, pilləkənlə qalxıb-düşmək) və digər fəaliyyətlərini (saqqız çeynəmək, danışmaq və s.) məhdudlaşdırmalıdır. Sonra xəstə PET cihazına hərəkətsiz şəkildə uzadılır və təqribən 30 dəqiqə ərzində görüntülər əldə edilir.


Əldə edilmiş görütünlər kompüterdə işlənilir və nüvə təbabəti həkimlərinə təqdim olunur. Görüntülərin keyfiyyəti yoxlanılır, xəstəlik haqqında ilkin fikir formalaşdırılır. Bəzi hallarda əlavə – gec çəkilişə ehtiyac yarana bilər.


PET-KT müayinəsi tamamlandıqdan sonra xüsusi təlimatlar və tövsiyələr verilərək xəstə evə yola salınır. Müayinənin ətraflı şəkildə cavabı növbəti günlər ərzində hazır olur.


Pediatrik yaş qrupunda olan xəstələrin PET müayinəsi zamanı verilən radiofarmasevtik preparatların doza miqdarı müasir texnologiya sayəsində avtomatik olaraq tənzimlənir.

PROSTAT XƏSTƏLƏRİN­DƏ 68Ga-PSMA MÜAYİNƏSİ

Müayinədən əvvəl xəstənin hər hansı bir xüsusi hazırlığına ehtiyac yoxdur. Müasir PET molekulyar görüntüləmə metodu ilə prostat spesifik membran antigenindən (PSMA) istifadə edərək çox kiçik ölçülərdə belə prostat xərçəng hüceyrələrinin yerini müəyyən edib, xəstəliyin böyük ağırlaşmalarının qarşısı erkəndən alınmış olur.

PET/KT MÜAYİNƏSİNİN ELMİ ƏSASI

İnsan orqanizmində hüceyrələrin əsas enerji mənbəyi qlükozadır. 1924-cü ildə Nobel mükafatı laureatı Otto Warburg müşahidə etmişdi ki, şiş hüceyrəsi normal hüceyrədən 200 dəfə artıq qlükoza sərf edir. Buna səbəb şiş hüceyrələrinin nəzarətsiz şəkildə sürətlə böyüyüb çoxalmasıdır.

BİZİ İZLƏYİN