PET/KT MÜAYİNƏSİ

PET/KT nədir?

Pozitron Emissiya Tomoqrafiyası (PET) orqanizmdə hüceyrə mübadiləsini molekulyar səviyyədə göstərməyə imkan verən müasir tibbi diaqnostik görüntüləmə üsuludur. Xüsusi təyinatlı laboratoriya şəraitində hazırlanmış dərman maddəsi vena daxilinə vurulur və bu maddə orqanizmdə müəyyən toxumalarda (məsələn, şişdə, beyində, ürəkdə və s.) toplanaraq ətrafa şüalanma verir (fotonlar yayır).


PET cihazının köməyi ilə bu fotonların mənbəyi və miqdarı təyin edilir. Müayinə müddəti ərzində toxuma­ların anato­mik quruluşunu göstərə bilən kompüter tomoqrafiya müayinəsi də (KT) həmçinin icra olunur. Müayinə nəticəsində alınmış PET və KT görüntüləri sonradan birləşdirilir. Beləliklə, həm verilən molekulun aktivliyi, həm də bütün orqanları göstərən bədənin funksional və anatomik quruluşu barədə birgə məlumat əldə edilir. Nəticədə, həkim orqanizmin hər hansı bölgəsində hüceyrə səviyyəsində baş verən bütün dəyişik­likləri qeydə alır.

PET/KT-NİN İSTİFADƏ OLUNDUĞU SAHƏLƏR

Onkoloji xəstəliklərin erkən diaqnostikası

Yayılmış şişlərin (metastazların) mənbəyinin müəyyən olunması

Şişin cərrahi yolla çıxarılması mümkünlüyünün dəyərləndirilməsi

Müalicədən sonra şişin yenidən inkişafı (residiv) hallarının müəyyən edilməsi

Şişə qarşı ən optimal müalicə üsulunun seçilməsi

Şişin inkişaf mərhələsinin təyini

Aparılan şiş əleyhinə müalicənin effektivliyinin qiymətlən-dirilməsi

Cansız çapıq toxuması ilə aktiv şiş toxumasının fərqləndirilməsi

Alzheymer və Parkinson xəstəliyi, epilepsiya, demensiyalar zamanı beyin funksiyalarının dəyərləndirilməsi

Ürək hüceyrələrinin canlılığının və funksional vəziyyətinin müəyyən edilməsi

PET/KT-nin ƏHƏMİYYƏTİ

Bu müayinə metodu vasitəsilə ilkin diaqnozun qoyulması ilə yanaşı, bəlli bir xəstəliyin yayılması, inkişaf dərəcəsini, o cümlədən, yerli və uzaq metastazların olub olmaması, aparılacaq müalicənin gözlənilən effektivliyi və faydasını əvvəlcədən qiymətləndirmək mümkündür.